Bazar ertəsi, 29 Aprel

Razi Nurullayev: " Büdcədən milyonlar oğurlanır "

image

Milli Məclisdə, Hesablama Palatasının hesabatının müzakirəsi zamanı deputat Razi Nurullayev bir sıra məsələlərə toxunub.

Xəbər verilir ki, "Hesabat çox genişdir və ətraflı hazırlanıb", deyən deputat vaxt azlığına görə ən vacib məqamları qeyd edib.

"Hesablama Palatası 2021-25-ci illər üçün yeni strateji plan qəbul edib və öz işində təkmilləşdirilməli olan sahələri sadalayıb. Audit fəaliyyət sayı həqiqətən çox azdır. Auditin əhatə etdiyi büdcə vəsaitləri də çox azdır. Dövlətin büdcəsi 24 milyard manat, amma audit olunan vəsait milyonlar. Səmərəlilik auditinin də zəif olması məsələsini bir neçə dəfə demişəm, yenə də demək istəyirəm ki, hazırkı monitorinq alətlərinə qarşı idarə və müəssisələr immunitet və ya cavab tədbirləri yaradıb. Eyni monitorinq alətlərini dalbadal tətbiq etmək on milyonlarla oğurlanan büdcə vəsaitinin 4-5 rəqəmli olmasına gətirib çıxarır.

Mütləq yeni monitorinq və audit alətləri işləyib hazırlamaq lazımdır. Bu sahədə, hörmətli Vüqar müəllim, beynəlxalq təcrübə bizə kömək etməyəcək. Çünki, biz əsasən, ənənəvi olaraq Qərb təcrübəsinə meyllənirik.

Orada oğurluq da sadə mexanizmlər üzrə olur və demək olar ki, çox azdır. Bizdə isə mənimsəmə çox mürəkkəb, çox mərtəbəli və dolaşıq sistem üzrə həyata keçirilir ki, onu Qərb alətləri ilə müəyyən edib aşkara çıxarmaq mümkün deyil. Təzə yerli mexanizm və alətlər hazırlayın. Üzr istəyirəm, çobanın çomağına qarşı Qərb karate ustası nə edə bilər ki? Mövqe seçib, əlini-qolunu açana kimi nokaut olacaq".

R.Nurullayev daha sonra bunları bildirdi: "Fikir vermişəm ki, müxtəlif büdcələrə dair rəylər analitik fəaliyyətlə məhdudlaşıb. Çoxmərtəbəli və mürəkkəb labirintə bənzər mənimsəmə hallarını söz deməklə necə ayırd etmək olar? Bu sahədə olan çatışmazlıqların aradan qaldırılması üçün Parlament nə edə bilirsə edək, amma Palata bu qüsurları tez aradan qaldırsın.

Siz ölkə Konstitusiyasında Palatanın müstəqilliyi üçün tələblərin göstərilməməsini zəif cəhət kimi göstərmisiniz. Palatanı Parlament yaradıb və Parlamentə də hesabat verir. Belə çıxır ki, Palatanı təsir altına almaq üçün kənar təsirlər var. Onları deyin, bu tribunadan səsləndirək və rüsvay edək. Bu narahatlıqları hörmətli sədrimiz Sahibə xanımla bölüşün".

Deputat dedi ki, yeni və peşəkar kadrların hazırlanması da zəif cəhət kimi göstərilib: "İndi hər bir dövlət qurumunun yanında tədris və təlim mərkəzi yaradılıb. Bunu Palata yanında da yaratmaq, yerli və xarici mütəxəssisləri də tədrisə cəlb etmək olar. Bəlkə də var, bilmirik. Bizim də günahlarımızdan biri budur ki, Palata ilə yaxından tanış deyilik, hərçənd ki, Palatanı Parlament yaradıb və hesabatı da Parlamentə təqdim edir.

Sonunda Vüqar müəllimə, Palata əməkdaşlarına təşəkkür edirəm ki, hesabatı həm də özünütənqid əsasında qurub. Hesabatı oxuduqca gördüm ki, hazırlanması üçün böyük əziyyət çəkiblər və bunu qiymətləndirirəm. Tənqid olmasa inkişaf olmaz. Sizə uğurlar arzulayıram və dəstək olmağa hər zaman hazıram".
 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55